Gürcüstan hökuməti ümumi quraşdırılmış gücü 250 MVt-dan çox olan üç külək elektrik stansiyası və beş su elektrik stansiyası tikmək qərarına gəlib.
Bu barədə “APA-Economics” Gürcüstanın Nazirlər Kabinetinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.
Qeyd olunur ki, iclasda Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən üç külək və beş su elektrik stansiyası layihəsi gündəmdə olan məsələlər arasında idi. Bu layihələrin Onlar ölkənin müxtəlif regionlarında, o cümlədən Samtsxe-Cavaxeti, Kaxeti, Kartli və İmereti regionlarında həyata keçirilməsi nəzərdə tutulub.
Sözügedən iclasda təqdim edilən enerji layihələrinin müəyyən edilmiş gücü ümumilikdə 250 meqavatdan, ümumi investisiya isə 400 milyon ABŞ dollarından artıqdır.
“Bu elektrik stansiyalarına investisiya yatıran şirkətlərlə müvafiq müqavilələr bağlanacaq. Nəticədə, texniki-iqtisadi əsaslandırma və yekun tikinti işləri təhvil veriləcək”, - məlumatda qeyd olunur.