Beynəlxalq Enerji Agentliyi (IEA) Rusiyada hasilatın azalması ilə əlaqədar neft bazarında ciddi qıtlıq gözləmir.
"APA-Economics"in IEA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, Rusiyada neft hasilatının azalması zəifləmiş qlobal tələbat, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) və alyansa daxil olmayan ölkələrdə, o cümlədən ABŞ-da sabit artım hesabına tamın ediləcək
IEA hesab edir ki, apreldə Rusiyada gündəlik neft hasilatı mart ayı ilə müqayisədə 1,5 mln. barel azalacaq, mayda isə bu azalma 3 mln. barelədək sürətlənəcək.
Qeyd olunur ki, müxtəlif məlumatlara görə, apreldə neft hasilatı mart ayı ilə müqayisədə hələ ki 700 min barel azalıb. Buna baxmayaraq, Agentlik hesab edir ki, apreldə Rusiyada gündəlik neft hasilatı daha da enəcək, bu da bir sıra səbəblər ilə əlaqəlidir (ölkədə neft emalı zavodları emalı azaltmağa davam edir, istehlakçılar Rusiya neftini almaqdan imtina edirlər – red.).
Hesabata görə, mart ayında Rusiya Federasiyasında gündəlik neft və kondensat hasilatı cəmi 50 min barel azalaraq 11,35 mln. barelədək enib. Mart ayında ayrıca gündəlik neft hasilatı da 50 min barel azalaraq 10 mln. barelədək düşüb.
Agentliyin proqnozuna görə, 2022-ci ildə neftə olan gündəlik tələbat 1,9 mln. barel artaraq 99,4 mln. barel təşkil edəcək, bu da öncəki proqnoz göstəricisi ilə müqayisədə 260 min barel azdır.