Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi siyasətin əsas xüsusiyyətlərindən biri iqtisadi artımla sosial rifahın paralel şəkildə təmin edilməsidir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

Tahir Mirkişili deyib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını açıqlaması da bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir: “Dövlətin sosial siyasətində əsas məqsəd iqtisadi imkanların genişlənməsindən əldə olunan nəticələrin əhalinin rifahına transformasiya edilməsidir. Lakin burada mühüm məqam ondan ibarətdir ki, davamlı sosial siyasətin əsas şərti dayanıqlı iqtisadi və maliyyə bazasının mövcudluğudur”.
Sosial rifahın arxasında dayanan iqtisadi baza
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü qeyd edib ki, minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin mütəmadi artırılması yalnız sosial ödənişlərin mexaniki yüksəldilməsi kimi qiymətləndirilməməlidir: “Bu, dövlətin iqtisadi siyasətinin sosial nəticələrə istiqamətləndirilməsinin göstəricisidir. Əhalinin gəlirlərinin artırılması daxili tələbin, istehlak imkanlarının və iqtisadi fəallığın yüksəlməsinə də təsir göstərir. Bu baxımdan sosial siyasət və iqtisadi inkişaf bir-birini tamamlayan iki istiqamət kimi çıxış edir. Prezidentin açıqladığı növbəti artımların arxasında məhz belə bir iqtisadi yanaşma dayanır. Son illərdə pensiyaların indeksləşdirilməsi və sosial müdafiənin gücləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edilib”.

20 milyard dollardan çox investisiya Azərbaycanın iqtisadiyyatına etimaddır
Deputat xatırladıb ki, bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda çox ciddi rəqabət gedir: “Kapitalın hansı ölkəyə yönəlməsi həmin ölkənin siyasi və makroiqtisadi sabitliyi, hüquqi mühiti, infrastruktur imkanları, enerji təminatı və gələcək inkişaf perspektivləri ilə bağlı investorların qiymətləndirməsindən asılıdır. Belə bir şəraitdə Azərbaycanın cəmi iki Beynəlxalq İnvestisiya Forumunda 20 milyard dollardan çox investisiya kontraktı imzalaması xüsusi əhəmiyyət daşıyır. Bu rəqəm sadəcə investisiya həcmi deyil, eyni zamanda Azərbaycan iqtisadiyyatına beynəlxalq investorların etimadının göstəricisidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, iqtisadiyyatın inkişafı üçün dövlət investisiyaları ilə yanaşı, xarici investisiyaların cəlb edilməsi də zəruridir. Daha mühüm göstərici isə sentyabrın sonunda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumlarının iştirak etməsi və həmin qurumların idarə etdiyi vəsaitin 30 trilyon dollardan çox olmasıdır. Bu, Azərbaycanın qlobal kapital üçün yaratdığı imkanların miqyasını göstərən mühüm göstəricidir”.

5,6 faiz və 90 milyard dollar – Maliyyə dayanıqlığının göstəriciləri
Tahir Mirki.ili bildirib ki, Azərbaycan iqtisadiyyatının dayanıqlığını xarakterizə edən ən mühüm göstəricilərdən biri xarici borcun ÜDM-ə nisbətidir: “Hazırda Azərbaycanın xarici borcu ÜDM-in cəmi 5,6 faizini təşkil edir. Dünya iqtisadiyyatında bir sıra inkişaf etmiş ölkələrdə dövlət borcunun ÜDM-ə nisbətinin 100 faizdən, hətta 120 faizdən yüksək olduğu bir şəraitdə 5,6 faizlik göstərici Azərbaycanın maliyyə imkanlarının fərqli mənzərəsini ortaya qoyur. Burada daha diqqətçəkən məsələ Azərbaycanın valyuta ehtiyatlarının 90 milyard dollara çatmasıdır. Hərbi xərclər, ordu quruculuğu, dövlət sərhədinin mühafizəsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi böyükmiqyaslı xərclərin həyata keçirildiyi bir dövrdə valyuta ehtiyatlarının artırılması iqtisadi siyasətin uzunmüddətli və strateji xarakter daşıdığını göstərir. Bu ehtiyatlar xarici borcu təxminən 20 dəfə üstələyir. Prezidentin bildirdiyi kimi, Azərbaycan istəsə, xarici borcunu çox qısa müddətdə tam bağlamaq imkanına malikdir. Bu göstəriciyə yalnız bugünkü maliyyə gücü kimi deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyət prizmasından yanaşmaq lazımdır. Borclanmanın idarə olunması, ehtiyatların qorunması və iqtisadi artımın investisiya ilə dəstəklənməsi uzunmüddətli maliyyə sabitliyinin əsas elementləridir”.

Enerji potensialı Azərbaycanın strateji əhəmiyyətini artırır
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deyib ki, müasir dünyada geosiyasi qarşıdurmaların, təchizat zəncirlərində dəyişikliklərin və enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması enerji resurslarına tələbatı daha da artırır: “Bu kontekstdə Azərbaycanın enerji potensialı ölkənin beynəlxalq iqtisadi və strateji əhəmiyyətini artıran əsas amillərdən biridir. Azərbaycan artıq uzun illərdir yalnız enerji resurslarının hasilatçısı və ixracatçısı kimi deyil, etibarlı enerji tərəfdaşı kimi mövqeyini formalaşdırıb. Təbii qazın nəql coğrafiyasının genişlənməsi ilə yanaşı, ölkə enerji sisteminin gələcək inkişafını bərpaolunan mənbələr hesabına şaxələndirir. Azərbaycanın texniki bərpaolunan enerji potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt qiymətləndirilir. Bu baxımdan “yaşıl enerji” artıq yalnız ekoloji məsələ deyil, həm də yeni iqtisadi imkan, investisiya istiqaməti və ixrac məhsuludur. 2026-cı ilin sentyabrında “Qobustan” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi ilə bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt-a çatıb və bu, ölkənin ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edir. Deməli, Azərbaycan enerji potensialından yalnız bu gün üçün deyil, gələcək iqtisadi model üçün də istifadə edir. Ənənəvi enerji resursları ilə bərpaolunan enerjinin paralel inkişaf etdirilməsi ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq enerji bazarındakı rolunun uzunmüddətli perspektivdə qorunmasına imkan yaradır”.

16 milyon tondan 30 milyon tona: Azərbaycanın tranzit ambisiyası
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanın iqtisadi potensialını artıran digər strateji istiqamət nəqliyyat və logistika sektorudur: “Burada nəticə bir gündə formalaşmayıb. Uzun illər ərzində yol, dəmir yolu, liman, hava nəqliyyatı və digər infrastrukturun inkişafına yatırılan investisiyalar Azərbaycanın coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirib. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas tranzit mərkəzlərindən biridir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, avtomobil yolları, dəmir yolu infrastrukturu və Ələt Azad İqtisadi Zonası bu strategiyanın əsas elementləridir. Prezident İlham Əliyevin uzun illər əvvəl başladığı bu siyasətin nəticəsi rəqəmlərdə də görünür. Vaxtilə Azərbaycanın ərazisindən 3-4 milyon ton tranzit yükün keçirilməsi arzu edilirdisə, artıq bu il tranzit yüklərin 16 milyon tona çatacağı gözlənilir. Növbəti hədəfin 30 milyon ton olması isə Azərbaycanın tranzit imkanlarının hansı miqyasda genişləndirildiyini göstərir. Prezident də II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycandan keçən tranzit yüklərin bu il 16 milyon tona çatacağını bildirib. Beləliklə, 20 milyard dollarlıq investisiya kontraktları, 30 trilyon dollarlıq investor kapitalı, 5,6 faizlik xarici borc, 90 milyard dollarlıq valyuta ehtiyatları, 16 milyon ton tranzit yük və 30 milyon tonluq hədəf ayrı-ayrı statistik göstəricilər deyil. Bu rəqəmlər birlikdə Azərbaycanın iqtisadi modelinin əsas xüsusiyyətlərini – maliyyə dayanıqlığını, investisiya cəlbediciliyini, enerji potensialını və nəqliyyat-logistika imkanlarını xarakterizə edir. Azərbaycanın qarşısında duran hədəf təbii və coğrafi üstünlükləri sadəcə resurs kimi saxlamaq deyil, onları yüksək əlavə dəyər yaradan investisiyalara, texnologiyalara, istehsala, logistika xidmətlərinə və insan kapitalına çevirməkdir. Məhz bu yanaşma iqtisadi dayanıqlığı gücləndirməklə yanaşı, sosial rifahın davamlı şəkildə artırılması üçün də möhkəm baza yaradır”.