İran Arəş qaz yatağında tezliklə qazma əməliyyatlarına başlayacaq.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın neft naziri Cavad Oci öz "Twitter" səhifəsində yazıb.
Səudiyyə Ərəbistanı ilə Küveyt müştərək olan yataqda kəşfiyyat işləri tamamlanıb və tezliklə bu müştərək yataqda qazıntı işləri başlayacaq.
"Baxmayaraq ki, biz müştərək yataqlarda əməkdaşlıq üçün müzakirə etməyə hazırıq, lakin tək tərəfli atılmış addımlar bizim bu layihəmizin icrasına mane olmayacaq", - nazir bildirib.
Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanı ilə Küveyt əd-Durra (Arəş) yatağında qazıntıların başlaması ilə bağlı ikitərəfli razılaşma əldə olunmuşdu. İran da bu razılaşmaya cavab olaraq həmin müştərək yataqda qazma işlərinə başlayacağını açıqlayıb.
İki gün öncə də İran Fars körfəzində yerləşən müştərək Arəş qaz yatağında Səudiyyə Ərəbistanı ilə Küveyt arasında birgə qaz hasilatı ilə bağlı razılaşmanın qeyri-qanuni olduğu bildirmişdi.
İran tərəfi bildirib ki, həmin Arəş qaz yatağı İran, Küveyt və Səudiyyə Ərəbistanının ortaq yatağıdır. Onun bir hissəsi İran və Küveyt arasında su sərhədləri müəyyən edilməmiş ərazilərdə yerləşir.
Xatırladaq ki, Arəş yatağından gündə 1 mlrd. kubfut qaz və 84 min barel kondensat hasil ediləcəyi gözlənilir.