İtaliyada qaz anbarlarının dolum səviyyəsi 80%-ə çatıb, bu da qeyd olunan göstəricini oktyabr ayı üçün 90%-ə çatdırmaq planına uyğundur.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş naziri Mario Draqi deyib.
"Digər Avropa ölkələrindən fərqli olaraq, Rusiya qazının İtaliyaya tədarükü getdikcə azalır və onun (tədarükün – red.) mümkün dayandırılması keçmişlə müqayisədə daha az təsiri olacaq”, - Baş nazir qeyd edib.
Onun sözlərinə görə, iki mayeləşdirilmiş təbii qaz (LNG) emalı terminalının layihələrinin vaxtında həyata keçiriləcəyi təqdirdə, İtaliya 2024-cü ilin payızından etibarən Rusiya qaz tədarükündən tamamilə müstəqil ola biləcək.
Xatırladaq ki, Azərbaycan da Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə İtaliyaya qaz ixrac edir.
Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP) ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.