Kadri Simson: Aİ-nin Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir, qaz ticarətini iki dəfə artıracağıq

Kadri Simson: Aİ-nin Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir, qaz ticarətini iki dəfə artıracağıq
# 01 mart 2024 17:15 (UTC +04:00)

"Avropada bəziləri düşünürdü ki, Cənub Qaz Dəhlizi artıq başa çatmış bir missiyadır və buna daha çox diqqət yetirilməli deyil".

APA xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasını həmsədri xanım Kadri Simson deyib.

“Mən belə düşünmürdüm. Mən hər zaman gördüm ki, Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var. Mən 2022-ci ildə buraya ilk iclasa gələndə dedim ki, necə etməliyik ki, məhz bizim münasibətlərimizin bütün potensialı daha da genişlənsin, bu dəhliz yeni bazarlara çıxsın və təmiz enerjiyə gəldikdə, biz öz işimizin miqyasını artıraq və bütün bunlar baş verdi”, - komissar bildirib.

O bildirib ki, bu gün məhz qaz axını Avropaya Cənub Qaz Dəhlizindən gedir və 2021-ci illə müqayisədə bu, 46 faiz çoxdur: “2023-cü ildə Avropa İttifaqı Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul etdi və Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında maraqlıdırlar. Artıq dediyim kimi, biz ötən il sizin məhz Panavropa təchizatına çevrildiyinizi gördük və bu baxımdan, əslində, bu həcmlərin artırılması üzərində işləyirik. Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaqdır. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaqdır. Çünki hazırda biz görürük ki, digər etibarlı enerji tərəfdaşlarımız var və onlardan biri məhz Azərbaycandır. Sizi əmin edə bilərəm ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir. 2027-ci ilə qədər qaz ticarətini iki dəfə artıracağıq və ən vacibi isə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı öz çevikliyini və dinamikliyini göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR