Laçında daha 5 SES bu il istismara veriləcək - FOTO - VİDEO

Laçında daha 5 SES bu il istismara veriləcək - FOTO  - VİDEO
# 15 fevral 2024 11:10 (UTC +04:00)

Yaşıl enerji strategiyasına uyğun olaraq Laçın rayonunda 9 yerdə su elektrik stansiyaları yaradılıb və yaradılmaqdadır.

“AzərEnerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu günə kimi Laçın rayonunda 8,25 meqavat gücündə “Mişni”, 8 meqavat gücündə “Güləbird”, 6 meqavat gücündə “Alxaslı” su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 4 meqavat gücündə “Sus” Su Elektrik Stansiyası bərpa edilib. Nəticədə bu günə kimi “AzərEnerji” tərəfindən Laçın rayonunda istismara verilən su elektrik stansiyalarında 77 milyon kilovat saatdan artıq ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib.

Məlumata görə, 77 milyon kilovat saat yaşıl enerjinin istehsal edilməsi ilə 18 milyon kub metr qaza və milyonlarla manat vəsaitə qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Ən əsası ekosistemin qorunması üçün zəruri tədbirlər görülüb, stansiyalarda Avropa istehsalı olan eko-turbinlər quraşdırılıb.

Qeyd olunur ki, hazırda Laçın rayonunda ümumi gücü 40 meqavatdan artıq olan daha 5 su elektrik stansiyasının tikintisi davam edir. Daha doğrusu artıq 14,25 meqavat gücündə “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb. 14,7 meqavat gücündə “Ağbulaq-2”, 4 meqavat gücündə “Qaraqışlaq”, 3,5 meqavat gücündə “Mirik” və 2,8 meqavat gücündə “Zabux” su elektrik stansiyalarında tikinti işləri başa çatıb və hazırda quraşdırma və sazlama işləri həyata keçirilir. “2024-yaşıl dünya” naminə həmrəylik ili çərçivəsində bu 5 su elektrik stansiyasının da istismara verilməsi planlaşdırılır.

© APA | https://www.youtube.com/watch?v=kzlxpZ5ssE4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR