Rusiyanın "Lukoil" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi layihəsində operator olmağa iddiasında deyil.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Lukoil"un rəhbəri Vahid Ələkbərov bildirib.
Onun sözlərinə görə, şirkət "Şahdəniz" layihəsində mövcud payından razıdır. Layihədə "Petronas"dan 9,99% iştirak payının alınmasında sonra şirkət payı bir qədər də artırıb layihənin operatoru olmağa çalışmayacaq.
"Biz BP-nin layihənin operatorun missiyasını necə yerinə yetirməsindən razıyıq", - V. Ələkbərov qeyd edib.
O əlavə edib ki, 9,99%-lik alqı-satqı üzrə sövdələşmə artıq imzalanıb və ödəniş gələn ilin I rübdə həyata keçiriləcək.
Xatırladaq ki, bu yaxınlarda "Lukoil" "Şahdəniz" layihəsində Malayziyanın "Petronas" şirkətindən bu ilin oktyabrında imzalanan payın alınmasına dair sazişə düzəlişlərin imzalandığını elan edib. Yeni sazişlərə uyğun olaraq, "Lukoil"un "Şahdəniz"də payı 15,5%-dən 9,99%-ə, əməliyyat məbləği isə proporsional olaraq 2,25 mlrd. ABŞ dollarından 1,45 mlrd. dollara endirilib. Bu dəyişikliklərin imzalanması "Şahdəniz" layihəsi üzrə tərəfdaşlarla üstünlük hüquqlarının həyata keçirilməsinə dair danışıqların nəticəsi olub.
Qeyd edək ki, BP özünün əməliyyatçısı olduğu "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16% iştirak payını 168 mln. dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ "Petronas" tərəfindən öncə elan edilmiş "Şahdəniz" üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin "Şahdəniz"dəki ümumi iştirak payı 29,99% təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.
Bundan başqa, SOCAR da "Petronas"a məxsus olan 4,35%-lik iştirak payını alıb. Bununla da SOCAR-ın "Şahdəniz"də birbaşa iştirak payı 14,35%-ə yüksəlib.
Cari ilin oktyabr ayında "Petronas" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payının satışı ilə bağlı təklifini bütün layihə iştirakçılarına təqdim edib.
"Şahdəniz" layihəsində həmçinin AzSD, "SGC Upstream", NICO və TPAO şirkətləri iştirak edir.