Rusiyanın "Lukoil" şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" layihəsində Malayziyanın "Petronas" şirkətindən bu ilin oktyabrında imzalanan payın alınmasına dair sazişə düzəlişlərin imzalandığını elan edib.
"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, yeni sazişlərə uyğun olaraq, "Lukoil"un "Şahdəniz"də payı 15,5%-dən 9,99%-ə, əməliyyat məbləği isə proporsional olaraq 2,25 mlrd. ABŞ dollarından 1,45 mlrd. dollara endirilib. Bu dəyişikliklərin imzalanması "Şahdəniz" layihəsi üzrə tərəfdaşlarla üstünlük hüquqlarının həyata keçirilməsinə dair danışıqların nəticəsi olub. Sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir.
Xatırladaq ki, BP özünün əməliyyatçısı olduğu "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16% iştirak payını 168 mln. dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ "Petronas" tərəfindən öncə elan edilmiş "Şahdəniz" üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin "Şahdəniz"dəki ümumi iştirak payı 29,99% təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.
Bundan başqa, SOCAR da "Petronas"a məxsus olan 4,35%-lik iştirak payını alıb. Bununla da SOCAR-ın "Şahdəniz"də birbaşa iştirak payı 14,35%-ə yüksəlib.
Qeyd edək ki, cari ilin oktyabr ayında "Petronas" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payının satışı ilə bağlı təklifini bütün layihə iştirakçılarına artıq təqdim edib.
"Şahdəniz" layihəsində həmçinin AzSD, "SGC Upstream", NICO və TPAO şirkətləri iştirak edir.