Ötən il Macarıstanın MOL neft-qaz şirkətinin xalis mənfəəti 305 mln. ABŞ dolları təşkil edib. Halbuki 2020-ci ili şirkət 56 mln. dollarlıq zərərlə başa vurmuşdu.
"APA-Economics"in MOL-un hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə şirkətin gəliri illik müqayisədə 1,5 dəfə artaraq 19,72 mlrd. dollara çatıb.
Qeyd olunur ki, ötən il şirkətin əməliyyat mənfəəti 2,02 mlrd. dollar təşkil edib, bu da illik müqayisədə demək olar ki 10 dəfə çoxdur.
Xatırladaq ki, MOL şirkəti Azərbaycanda təmsil olunub. Belə ki, şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənilməsi layihəsində 9,57%-lıq iştirak payı ilə təmsil olunub. Bundan əlavə, MOL Bakı-Tbilisi-Ceyhan neft kəmərinin səhmdarlarındandır (iştirak payı 8,9%).