Azərbaycan Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. “APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, hazırda Cənub Qaz Dəhlizinin formalaşması davam edir: “Dəhlizin üç komponenti üzrə işlər bitib. Gələn il ərzində Trans-Adriatik qaz boru kəməri də istifadəyə veriləcək və bu da Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolunu daha da artıracaq”.
Nazir onu da qeyd edib ki, Cənub Qaz Dəhlizinin yaradılmasına 40 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulub.
“Azərbaycan Aİ-nin Cənubi Qafqaz regionunda əsas ticari tərəfdaşıdır. Aİ-nin bu regionda olan ticarətin 78%-i məhz Azərbaycanın payına düşür”, - deyə Ş. Mustafayev qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, Azərbaycanın ticarət dövriyyəsinin 42%-i Aİ ölkələrinin payına düşür.
“Ötən il Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 30% artıb. Buna baxmayaraq, ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var və tərəflər bunun üzərində çalışır”, - deyə nazir əlavə edib.