Uzun illərdir Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum, TANAP və Cənub Qaz Dəhlizi kimi birgə enerji-kommunikasiya layihələri ilə regional və beynəlxalq əhəmiyyətli Azərbaycan-Türkiyə enerji əməkdaşlığı enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu və "Naxçıvan - yaşıl enerji zonası" Beynəlxalq Konfransı zamanı bildirib.
"Ölkələrimiz Avropanın enerji təchizatında etibarlı, strateji tərəfdaş kimi qəbul olunurlar. Azərbaycandan Türkiyəyə, paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır", - deyə Pərviz Şahbazov qeyd edib.
Onun sözlərinə görə, mürəkkəb geosiyasi və enerji böhranı reallıqlarında Azərbaycan və Türkiyənin enerji birliyinin gücləndirilməsi strateji zərurətdir.
Nazir vurğulayıb ki, Enerji Forumu platformasında işçi qruplarının fəaliyyəti və bu çərçivədə karbohidrogen və neft-kimya məhsulları, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, mədənçilik sahələrində perspektiv əməkdaşlıq istiqamətlərinin müntəzəm olaraq müzakirə edilməsi məhz bu məqsədə xidmət edir.
"İnanırıq ki, yaranan yeni imkanlar münasibətlərimizin yüksələn xətt üzrə inkişafını təmin edərək ölkələrimizi strateji hədəflərinə daha da yaxınlaşdıracaq və Azərbaycan - Türkiyə enerji əməkdaşlığı gələcəkdə də inkişaf və təhlükəsizliyin rəmzi, Naxçıvan isə yaşıl enerji mərkəzi olacaq", - Pərviz Şahbazov əlavə edib.