İrimiqyaslı enerji forumu və konfransları üçün Bakının seçilməsi onun dünya enerji arxitekturasındakı tarixi və müasir rolu ilə bağlıdır.
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib.
Enerji ilə bağlı inkişaf proseslərinin milli sərhədlərlə məhdudlaşmadığını və qlobal əməkdaşlıq tələb etdiyini vurğulayan nazir, Enerji Xartiyasını milli, regional və beynəlxalq səviyyədə qarşıya çıxan enerji məsələlərinin həllinə, enerji istehsal, ixrac və idxal edən, həmçinin tranzit ölkələr arasındakı münasibətlərdə effektiv çərçivənin yaradılmasını, rəqabətli bazarlar, davamlı inkişaf prinsiplərini təşviq etməklə qlobal enerji təhlükəsizliyinə töhfə verən mühüm əməkdaşlıq platformalardan biri kimi qiymətləndirib.
Tədbir zamanı P. Şahbazov Bakıda keçirilən bu forumun Azərbaycanın 2020-ci ildə Beynəlxalq Enerji Xartiyası konfransına sədrliyi çərçivəsində baş tutduğunu qeyd edib.