Rusiyanın Energetika Nazirliyi hesab edir ki, karbohidrogenlər hələ uzun müddət ərzində qlobal enerji balansının əhəmiyyətli bir hissəsini əhatə edəcək.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika nazirinin müavini Pavel Sorokin deyib.
Onun sözlərinə görə, qlobal enerji balasında 2045-ci ilə qədər təbii qazın payı artacaq, bu da onunla bağlıdır ki, məhz "mavi yanacaq" ənənəvi enerji mənbələrindən bərpa olunan mənbələrə keçid yanacağıdır.
Nazir müavini onu da qeyd edib ki, təbii qaz kimi enerji tutumu və əlçatan (logistika və ehtiyatlar baxımından – red.) daha yaxşı keçid yanacağı hələ icad edilməyib. Enerji balansı daha da şaxələnəcək, yeni enerji mənbələri və yeni texnoloji irəliləyişlər ortaya çıxacaq. Buna baxmayaraq, P. Sorokinin fikrincə, 2050-ci ilədək karbohidrogenlər qlobal enerji balansının əhəmiyyətli bir hissəsini tutacaq.
Nazir müavini həmçinin əlavə edib ki, aqressiv ssenariyə görə, karbohidrogenlərin qlobal enerji balansındakı payı indiki 85%-dən 60-65%-ə, baza ssenariyə görə isə, 70%-dək enə bilər.