Qaz hasilatı layihələrinin inkişafı və mövcud infrastrukturunun genişləndirilməsi üçün uzunmüddətli kontraktlar tələb olunur.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının nəticələrinə həsr olunmuş mətbuat konfransı zamanı energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, Avropaya qaz ixracını artırmaq üçün uzunmüddətli sazişlərin əldə olunması vacibdir.
"Bununla yanaşı, Avropa Komissiyasının qarantiyaları və müvafiq institutlar tərəfindən mümkün maliyyənin ayrılması vacibdir", - Pərviz Şahbazov qeyd edib.
Nazir vurğulayıb ki, Cənub Qaz Dəhlizinin inkişafının ikinci fazası çərçivəsində birinci mərhələdən fərqli olaraq, Avropa İttifaqı müvafiq qarantiyaları (uzunmüddətli kontraktlar, beynəlxalq institutlar tərəfindən maliyyə dəstəyi və və tənzimləmə üstünlükləri) verməyib.
"Qarantiyaları olmadı və biz fəqli bir situasiyada olduq. Amma buna baxmayaraq, yenə də həmin dövrdə (2021-2014-cü illərdə - red.) 60%- ə yaxın Azərbaycan öz imkanları çərçivəsində Avropaya qaz təchizatını artırıb və artırmağa davam edir", - nazir bildirib.