"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Əməkdaşlıq Bəyannaməsi (DoC) platforması 2022-ci ildən sonra balans aləti kimi lazım olacaq.
"APA-Economics"in OPEC-in aylıq bülleteninə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərbiz Şahbazov bildirib.
"İxracatçı ölkələr bu səmərəli əməkdaşlıq çərçivəsini qoruyub saxlamalı və qarşılıqlı müzakirə və anlaşma yolu ilə neft bazarında öz davranışlarını uyğunlaşdırmalıdırlar", - P. Şahbazov qeyd edib.
Onun sözlərinə görə, 2016-cı ildə DoC imzalanarkən əsas məqsədlərdən biri bazarda sabitliyə nail olmaq, tələb və təklifi tarazlaşdırmaq idi. Qlobal iqtisadiyyatda COVID-19 pandemiyasına ilə bağlı son qeyri-müəyyənliklər, eləcə də "yaşıl enerji" təşəbbüslərinin artımı bazar balansı üçün effektiv alətə ehtiyacı bir daha təsdiqləyir.
Nazir həmçinin vurğulayıb ki, hazırda bazarda vəziyyət nikbindir, lakin vəziyyət dayanıqlı olmaya da bilər. Karbohidrogenlər, o cümlədən neftlə bağlı qeyri-müəyyənliyin artdığı bir vaxtda bazarın əhəmiyyətli tənzimlənməsinə ehtiyac var. Kəskin balanssızlıq heç kim üçün arzu olunan deyil. Enerji bazarında sabitlik hər birimizin marağındadır və "OPEC+" qərarları bu ümumi maraq üçün ən uyğun həll yollarını təqdim edir.
Xatırladaq ki, Azərbaycan "OPEC+"ın iştirakçılarından biridir.