Yanar faydalı qazıntılardan mərhələli şəkildə imtina edilməsi və onların bərpa olunan enerji mənbələri ilə əvəzlənməsi qlobal iqtisadiyyatda innovasiya və artım üçün tarixi fürsət ola bilər.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl Cabir deyib.
"Düzgün, lakin məsuliyyətli, böyüməyə əsaslanan iqlim gələcəyinin yaradılması monumental çağırışdır. Bununla yanaşı bu, inkişaf və innovasiya üçün tarixi fürsəti təmsil edir. Bu, ilk sənaye inqilabından bəri ən böyük iqtisadi imkandır", - nazir Abu Dabidə keçirilən ADIPEC konfransında qeyd edib.
Nazir bildirib ki, qalıq yanacaqlardan uzaqlaşma qaçılmazdır, lakin enerji keçidi yaxşı idarə olunmalı və ehtiyatlı olmalıdır.
Sultan bin Əhməd Əl Cabir hesab edir ki, karbohidrogenlərdən tədricən uzaqlaşma sənayenin texnoloji inkişafını təmin etməlidir.
“Təmiz texnologiyalara investisiyalar keçən il rekord həddə 1,7 trilyon dollara çatdı və təkcə bu il şəbəkəyə 440 GVt bərpa olunan enerji daxil oldu”, - nazir vurğulayıb.