Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Neft Daşları” yatağından bu günədək 178 mln. ton neft hasil edilib.
“APA-Economics”a SOCAR-dan verilən məlumata görə, sözügedən yatağın 70 il istismar olunmasına baxmayaraq, o, Azərbaycanda neft hasilatı prosesinə öz mühüm töhfəsini verməkdədir.
Ötən il yataqdan 945 min ton neft və 81,2 mln. kubmetr qaz hasil edilib. “Neft Daşları”ndan çıxarıla bilən 18,9 mln. ton neft ehtiyatları var.
Qeyd edək ki, "Neft Daşları" dünyada dənizdə qurulan ilk neft platforması kimi Ginnesin Rekordlar Kitabına düşüb. 1949-cu il fevralın 25-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə ediblər.