Ukraynadakı hərbi münaqişə ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Rusiya neftinin tədarükündə mümkün fasilələr neft bazarında qlobal şoka səbəb ola bilər.
Bu barədə "APA-Economic" Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.
IEA-in gözləntilərinə əsasən, sanksiyalar və idxalçıların Rusiya neftini almaqdan imtina etməsi səbəbindən aprel ayından etibarən ölkədə gündəlik neft hasilatı 3 mln. barel azalacaq. Bununla yanaşı, agentliyin ekspertləri vurğulayır ki, yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Rusiyada neft hasilatının azalmasını kompensasiya edə biləcək sərbəst istehsal güclərinə malikdir.
IEA ehtimal edir ki, Rusiya neft və neft məhsullarının gündəlik ixracı 2,5 mln. barel azala və bu itkilər daha da arta bilər.
Eyni zamanda, agentliyin məlumatına görə, Rusiyadan Avropa ölkələrinə, Çinə və Belarusa boru kəməri ilə neft tədarükü davam edəcək, Çinə isə dəniz vasitəsi ilə neftin nəqli hətta arta bilər.