Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu korrektə edib.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 810 min barel səviyyəsində olacaq (bu, mart ayında verilən proqnoz göstəricisindən 10 min barel azdır).
Qeyd olunur ki, bu ilin fevralında ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel təşkil edib. Mart ayında bu göstəricinin 800 min barel olacağı ehtimal edilir.
Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.