“OPEC+” alyansı (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) dünya liderlərini enerji resurslarının dünya bazarına maneəsiz, sabit və təhlükəsiz təchizatını təmin etməyə çağırır.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə OPEC-in Baş katibi Məhəmməd Barkindo “OPEC+” ekspertlərinin texniki komitəsinin iclasında bildirib.
O, alyansın enerji resurslarının həm istehsalçıları, həm də istehlakçıları üçün bazarda sabitliyin və tarazlığın qorunması istiqamətində səylərinin vacibliyini vurğulayıb. Eyni zamanda, o, pandemiya dövründə beynəlxalq təşkilat və qurumların “OPEC+”a bu işdə dəstək verdiyini xatırladıb.
“Biz bütün dünya üçün enerji təchizatının maneəsizliyini, sabitliyini və təhlükəsizliyini bir daha təmin etmək məqsədilə dünya liderlərini çoxtərəfli yanaşmanın bu nümunəsinə əməl etməyə çağırırıq”, - Barkindo deyib.
Öz növbəsində, “OPEC+” razılaşması iştirakçıları mövcud qeyri-müəyyənliyi nəzərə alaraq, bazarın tarazlaşdırılması istiqamətində kursu davam etdirməli və orada dəyişən şərtlərə ayıq olmalıdır, OPEC-in Baş katibi bildirib.
Qeyd edək ki, Azərbaycanda “OPEC+” razılaşmasının iştirakçısıdır.