OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) 2045-ci il üçün enerji daşıyıcılarına olan tələbatın 23% artacağını gözləyir.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş katibi Heysəm əl-Qais bildirib.
"Enerji daşıyıcılarına olan tələbatın 2021-ci ildəki 258,7 mln. bareldən 23% artaraq 2045-ci il üçün əhəmiyyətli dərəcədə gündəlik 351 mln. barelə çatacağı gözlənilir", - Heysəm əl-Qais bildirib.
Baş katib eyni zamanda tələbin əsas hissəsinin neftin payına düşəcəyini vurğulayıb.
Neft hasilatının azaldılması qərarına toxunan Heysəm əl-Qais qeyd edib ki, “OPEC+” alyans üzvləri gələcəkdə yeni böhranların qarşısını almaq üçün fəal addımların atılmasının zəruriliyi ilə bağlı razılığa gəliblər.
Xatirladaq ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barel azadılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Qeyd edək ki, Azərbaycan ”OPEC+”un (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) iştirakçısıdır.