“OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri alyansın hazırkı strategiyasını saxlamaq qərarına gəlib.
“APA-Economics”in TASS-a istinadən verdiyi xəbərə görə, mart ayında da gündəlik neft hasilatı növbəti dəfə 400 min barel artırılacaq.
Qeyd olunur ki, “OPEC+” alyansının növbəti iclasının martın 2-də keçirilməsi planlaşdırılır.
“OPEC+” ölkələri pandemiya ilə əlaqədar 2020-ci ilin may ayında istehsalı azaldıb.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.
***
16:58
“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) monitorinq komitəsi mart ayında gündəlik neft hasilatını 400 min barel bərpa etməyi tövsiyə edib.
“APA-Economics”in məlumatına görə, bu barədə TASS “OPEC+” monitorinq komitəsinin kommünikesinin layihəsinə istinadən xəbər verir.
Sənəddə həmçinin bildirilir ki, “OPEC+” nazirlərinin monitorinq komitəsinin növbəti iclası və “OPEC+” nazirlərinin ümumi toplantısı fevralın 23 və ya 24-nə təyin edilə bilər.
***
16:45
Mart ayında neft hasilatının artırılması planının müzakirəsi nəzərdə tutulan “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) nazirlərinin monitorinq komitəsinin iclası başlayıb.
“APA-Economics”in verdiyi məlumata görə, bu barədə TASS-a danışıqlardan məlumatlı olan mənbə bildirib.
“Bəli, iclas başlayıb”, - mənbə qeyd edib. Videokonfrans formatında keçirilən görüşdə nazirlər növbəti ay üçün neft hasilatının bərpası planını müzakirə edəcəklər. Avqust ayından bəri “OPEC+” razılaşması iştirakçıları gündəlik neft hasilatını hər ay 400 min barel artırırlar.
“OPEC+” monitorinq komitəsinə razılaşmada iştirak edən 23 ölkədən 8-i daxildir. Bunlar Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt, Əlcəzair, Venesuela və Qazaxıstandır.
Nazirlər tərəfindən bir gün əvvəl toplanan OPEC+ texniki komitəsinin neft bazarı ilə bağlı hazırladığı hesabata baxacaqlar.