"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin noyabr ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 116% yerinə yetiriblər.
"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, "OPEC+" ölkələri ötən ay nəzərdə tutulduğundan gündəlik 650 min barel az neft hasil edib ki, bu da razılaşmanı 116% yerinə yetirmək deməkdir.
Qeyd olunur ki, OPEC ölkələri noyabrda gündəlik neft hasilatını 310 min barel artıraraq 27,75 mln. barelə çatdırıb. Qeyd olunan artım üzrə lider ölkələr Səudiyyə Ərəbistanı və İraq olub.
IEA-in keçmiş hesabatlarına görə, "OPEC+" ölkələri payız boyu öhdəliklərini 116% yerinə yetirib.
Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.