Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-2022-ci illər üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi artırıb.
"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,64 mln. barel səviyyəsində olacağı ehtimal edilir, bu da əvvəlki proqnozdan 0,01 mln. barel çoxdur.
Hesabata əsasən, 2022-ci ildə sözügedən göstəricinin 66,67 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır (öncəki proqnoz – 66,66 mln. barel).
Beləliklə, 2022-ci ildə qeyri-OPEC ölkələri üzrə hasilat cari ilin proqnoz göstəricisi ilə müqayisədə 3,02 mln. barel və ya 4,74% artacaq (ötən proqnoza uyğundur). Bu il isə artım tempinin 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,68 mln. barel və ya 1,08% səviyyəsində olacağı proqnozlaşdırılır (əvvəlki proqnoz – 0,66 mln. barel və ya 1,05%).
Qeyd olunur ki, 2020-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik ortalama neft və digər maye karbohidrogenlərin hasilatı 62,98 mln. barel təşkil edib.