Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi azaldıb.
"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 67,14 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,03 mln. barel azdır. Belə ki, hasilatın artım tempi 1,41 səviyyəsində olacaq.
Proqnoza əsasən, OPEC-ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 68,53 mln. barel olacaq, bu da 2023-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,39 mln. barel artım deməkdir.
Hesabatda bildirilir ki, 2022-ci ildə sözügedən göstərici 65,73 mln. barel həcmində olub.
Xatırladaq ki, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62,97 mln. barel təşkil edib.