Ordubad rayonu ərazisində, Araz çayı üzərində inşa edilən Ordubad Su Elektrik Stansiyası (SES) Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rola malik olacaq.
Bu sözləri APA-ya açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.
O bildirib ki, hesablamalara görə, gücü 36 meqavat olan bu stansiyanın ildə 190 mln. kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur. Bu göstərici Naxçıvan Muxtar Respublikasının əvvəlki illərdəki enerji tələbatının təxminən 30%-ni ödəməyə imkan verəcək: "Hazırda Su Elektrik Stansiyasında tikinti işlərinin 60%-i tamamlanıb. Layihənin davamı üçün İran tərəfindən əlavə işlərin aparılmasına imkanlar yaradılmalıdır".
Energetika Xidmətinin rəsmisi əlavə edib ki, SES-in su anbarının ümumi tutumu 1,5 mln. kubmetr təşkil edir. Stansiyaya daxil olan suyun miqdarı əsasən “Araz” su qovşağının məcrasına gələn axından, həmçinin Azərbaycan və İran arasında birgə istismar olunan “Araz” SES-lərinin illik və gündəlik iş rejimindən asılı olacaq.