Pərviz Şahbazov: Nəhəng “yaşıl enerji” dəhlizini həyata keçirmək üçün mühüm addımlar atılır

Pərviz Şahbazov: Nəhəng “yaşıl enerji” dəhlizini həyata keçirmək üçün mühüm addımlar atılır
# 20 fevral 2024 16:27 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov ABŞ-nin paytaxtı Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu analitik mərkəzlərdən biri olan “Atlantik Şura”nın təşkil etdiyi müzakirələrdə iştirak edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentzin moderatorluğu ilə işgüzar nahar formatında aparılan müzakirələrdə mühüm geosiyasi mövqedə yerləşən Azərbaycanın enerji resursları, xüsusilə Cənub Qaz Dəhlizi ilə Avropanın enerji təchizatının təhlükəsizliyində oynadığı strateji rolundan bəhs edilib. COP29 ölkəsi olaraq Azərbaycanın milli və qlobal səviyyədə enerji keçidinin sürətləndirilməsi, dekarbonizasiya, metan emissiyalarının azaldılması və iqlimin maliyyələşməsi məsələlərinə dair siyasəti, bərpa olunan enerjinin inkişafı ilə bağlı kursu nəzərdən keçirilib.

Azərbaycanın müstəqil enerji siyasətinin ilk vaxtlardan Birləşmiş Ştatlarla sıx tərəfdaşlıq əsasında inkişaf etdirildiyini vurğulayan energetika naziri Pərviz Şahbazov ölkəmizin hər zaman enerji təhlükəsizliyi təşəbbüslərinin reallaşmasında, Xəzərin neft-qaz resurslarının dünya bazarlarına çıxarılmasında bu tərəfdaşlığın müstəsna əhəmiyyət daşıdığını qeyd edib. Nazir hazırda Azərbaycanın neft-qazdan sonra bərpa olunan enerjinin təchizatçısına çevrilmək, bu enerjinin də Avropaya nəql etmək üçün nəhəng “yaşıl enerji” dəhlizini həyata keçirmək istiqamətində mühüm addımlar atdığını qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2030-cu ilədək Azərbaycanın “yaşıl artım” ölkəsi kimi inkişafını prioritetləşdirən dövlət siyasəti enerji sektorunun transformasiyasına güclü təkan verdi. Azad edilmiş ərazilərin “yaşıl enerji zonası” kimi inkişafı, sənaye miqyaslı “yaşıl enerji” layihələrinin beynəlxalq enerji şirkətləri ilə həyata keçirilməsi, energetika sahəsində köklü dəyişiklikləri təşviq edən islahatların aparılması, habelə ölkəmizin emissiyaların azaldılması ilə bağlı təşəbbüslərə qoşulması Azərbaycanın “yaşıl gündəliy”inin icrasında qərarlı olduğunu göstərir. Nazir enerji keçidi və iqlim hədəflərinə nail olmaq üçün maliyyələşmə ilə bağlı qlobal həmrəyliyin vacibliyini qeyd edib. Bildirilib ki, Azərbaycan “yaşıl enerji”nin inkişafının sürətləndirilməsi və ekoloji tarazlığın qorunması üzrə beynəlxalq səylərə uğurla rəhbərlik edəcək.

Qeyd edək ki, tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman, enerji və iqlim məsələləri üzrə dövlət rəsmiləri, beynəlxalq enerji şirkətləri və təşkilatlarının nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR