Gücü 230 MVt olan "Qaradağ" Günəş Elektrik Stansiyası Azərbaycanın enerji balansına böyük töhfə verəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə mətbuat konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, bu layihə 1,5 il ərzində inkişaf etdiriləcək.
Nazir qeyd edib ki, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirib və bu, enerji mənbələrinin diversifikasiyasına böyük töhfə verəcək.
P. Şahbazovun sözlərinə görə, stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısını alınacaq.
Nazir əlavə edib ki, layihənin dəyəri 225 mln. ABŞ dolları təşkil edir və bu məbləğ "Masdar" şirkəti tərəfindən təmin olunacaq. Burada istehsal edilən enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək.
Xatırladaq ki, bu gün "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Qeyd edək ki, ötən ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "Masdar" şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanıb. 2020-ci ilin sonunda isə Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "ACWA Power" şirkəti (Səudiyyə Ərəbistanı) arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə müvafiq müqavilələr imzalanıb.