Ötən il Qazaxıstan neftinin Aktau limanından ixracı 3 mln. 376 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 mln. 108 min ton və ya 49%-ə yaxın çoxdur.
“APA-Economics” bu barədə “Kaztransoil” şirkətinin yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqaməti üzrə daşınan xammalın həcminin 205 min tondan 1 mln. 392 min tona, yəni 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə artması ilə bağlıdır. O cümlədən, Bakı limanı istiqaməti üzrə “Tengiz” yatağından 1 mln. 057 min ton neft göndərilib.
Bundan əlavə, hesabat dövründə Aktau limanından Mahaçqala limanı istiqamətində 1 milyon 984 min ton neft göndərilib.
Qeyd edilir ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və SOCAR arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 mln. ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.