Bu ilin yanvar ayında dünyada polad istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 6,1% azalaraq 155 mln. ton təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Polad Assosiasiyasının (WSA) açıqlamasında deyilir.
İlkin məlumatlara görə, hesabat ayında MDB ölkələri polad istehsalını 2,1% artıraraq 9 mln. tona, o cümlədən Rusiya – 3,3% artıraraq 6,6 mln. tona çatdırıb. Aİ ölkələri 11,5 mln. ton (-6,8%), o cümlədən Almaniya 3,3 mln. ton (-1,4%) polad istehsal edib. Qalan Avropa ölkələrində polad istehsalı 4,7% azaldaraq 4,1 mln. tona düşüb.
Asiya və Okeaniyada polad istehsalı 8,2% azalaraq 111,7 mln. ton, o cümlədən Çində 11,2% azalaraq 81,7 mln. ton, Hindistanda 4,7% artaraq 10,8 mln. ton təşkil edib. Şimali Amerika ölkələri ötən ay 10 mln. ton (+2,5%), o cümlədən ABŞ-da bu rəqəm 4,2% artaraq 7,3 mln. tona çatıb. Cənubi Amerikada polad istehsalı 3,3% azalaraq 3,7 mln. tona, o cümlədən Braziliyada 4,8% azalaraq 2,9 mln. ton olub.
Afrikada yanvarda 1,2 mln. ton (+3,3%), Yaxın Şərqdə 3,9 mln. ton (+16,1%), o cümlədən İranda 2,8 mln. ton (+20,3%) polad istehsal edilib.
WSA-nın məlumatına görə, ötən il dünyada polad istehsalı əvvəlki illə müqayisədə 3,6% artaraq 1,912 mlrd. ton təşkil edib.