Rusiyanın "Qazprom" şirkəti Çinə gündəlik qaz tədarükü ilə bağlı yeni rekorda imza atır. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu "Qazprom"un rəhbəri Aleksey Miller bildirib.
"Biz qərara gəldik ki, 2022-ci ilin dekabrında Çinə gündəlik müqavilə öhdəliklərini artıqlaması ilə qaz tədarük edək. Maksimal artıqlıq 18,7% təşkil edib və bu gün Çinə gündəlik tədarük üzrə daha bir yeni rekord qeydə alınacaq", - deyə Miller qeyd edib.
Onun sözlərinə görə, yaxın gələcəkdə "Qazprom"un Çinə qaz ixracının həcmi 48 milyard kubmetr təşkil edəcək: "Qeyd etmək lazımdır ki, bu il Uzaq Şərqdən 10 milyard kubmetr qazı tədarük etməyə imkan verən Uzaq Şərq müqaviləsini imzalamışıq. Yaxın gələcəkdə isə il ərzində ümumi ixrac həcmimiz 48 milyard kubmetr olacaq. Monqolustan ərazisindən keçən ixrac tranzit qaz kəməri nəzərə alınmaqla - demək olar ki, bu rəqəm 100 mlrd. kubmetr təşkil edəcək".
Miller "Qazprom"-un bəzi yataqlarında hasilatın yalnız 2141-ci ildə, bəlkə də daha gec başa çatacağını söyləyib.