2022-ci ilin ilk üç rübü ərzində “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 1 milyard 772 milyon dollar əməliyyat xərcləri və təxminən 314 milyon dollar əsaslı xərclər çəkilib (ümumi 2 milyard 86 milyon).
"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci üç rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
“Üçüncü rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam etdirilib”, - hesabatda qeyd olunur.
İlin ilk doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 18 milyard standart kubmetr qaz və 3 milyon tondan artıq (təqribən 27 milyon barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 73 milyon (ildə 26,5 milyarddan artıq) standart kubmetrdir.
Qeyd olunur ki, 2022-ci ilin üçüncü rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində qərb-cənub cinahından hasilata başlanıb. Üçüncü rübdə həmçinin şərq-şimal cinahında sualtı quraşdırma işləri başlayıb və burada ilk sualtı elastik kabel uğurla quraşdırılıb.
Üçüncü rübdə “Şahdəniz Alfa” platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilib, sonra isə platformanın qazma qurğusunda profilaktik işlər davam edib.
“İstiqlal” və “Maersk Explorer” qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində ümumilikdə 21 quyu qazıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.