Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz yatağının işlənməsi çərçivəsində infrastrukturun yaradılması ən yaxşı halda bu ilin sonunadək başlayacaq.
Bunu "APA-Economics"ə Azərbaycanın neft-qaz bazarındakı etibarlı mənbə deyib.
Onun sözlərinə görə, tikintiyə üzrə hazırlıq işlərinə bu ilin sentyabr ayında start verilməli idi, lakin bu, baş vermədi: “Deyilənə görə, dənizdə hazırlıq işləri oktyabrda başlayacaq, tikinti prosesi isə noyabr ayının sonunda”.
Buna baxmayaraq, mənbənin sözlərinə görə, ən yaxşı halda "Abşeron"da infrastrukturun yaradılması bu ilin sonunadək, ən pis halda isə 2020-ci ilin yanvarında başlayacaq.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində Fransanın "Total" şirkəti və "Saipem Contracting Netherlands BV", "Boshelf LLC" və "STAR GULF FZCO" şirkətlərində ibarət konsorsium arasında mövcud müqaviləyə əsasən, infrastrukturun yaradılması üzrə işlərin başa çatdırılması və istismara verilməsi 2020-ci ilin avqust ayına planlaşdırılıb.
Sahədə infrastrukturun yaradılması "İsrafil Hüseynov" borudüzən gəmisinin təmirdə olması ilə əlaqədar gecikir.
Bu ilin 8 may tarixində "Şahdəniz-2" layihəsi çərçivəsində İtaliyanın "Saipem" şirkətinin Xəzər dənizində boru düzmək üçün istifadə etdiyi "İsrafil Hüseynov" gəmisində partlayış baş verib, bu da "Abşeron" yatağında nəzərdə tutulan işlərin qrafikinə öz təsirini göstərib.
“Yəni, bu layihə çərçivəsində işlər təxminən gələn ilin sonuna kimi davam edə bilər”, - mənbə əlavə edib.
Xatırladaq ki, sözügedən müqavilə yataqda layihə işlərinin aparılmasını, infrastrukturun satın-alınması, istehsalı və dəniz şelfində quraşdırılmasını, uzunluğu 34 km olan 12-düymlük istehsal xəttinin işə salınması və sınaqdan keçirilməsinə yardım edilməsini nəzərdə tutur.
Müqaviləyə əsasən, dəniz sahəsindəki işin yerinə yetirilməsi üçün "İsrafil Hüseynov" borudüzən, "Qurban Abbasov" kran və "Topaz Arrow" yardımçı gəmiləri cəlb ediləcək.
Mənbənin sözlərinə görə, bu yaxınlarda bitməlidir "Qurban Abbasov" gəmisinin də yenilənməsi davam etdirilir.
"Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.
Yatağın ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir.