Qazaxıstanın "Satti" qazma qurğusu hələ ki Azərbaycana çatdırılmayıb. Bunu "APA-Economics"ə neft-qaz sektorundakı etibarlı mənbə bildirib.
Qeyd edək ki, SOCAR və “KazMunayQaz” milli şirkəti arasında 26 yanvar 2019-cu il şəhərində imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, Azərbaycanın qazma operatoru "Caspian Drilling Company LTD" MMC (CDC) və Qazaxıstanın “KMG Drilling & Services” şirkəti arasında 16 fevral 2019-cu il tarixdə Astana şəhərində “Satti” özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb.
Mənbənin sözlərinə görə, qazma qurğusunun yaxın vaxtlarda Azərbaycana çatdırılması gözlənilir.
“Qurğu, hələ ki, Azərbaycana çatdırılmayıb, lakin yaxın vaxtlarda bu proses baş tutacaq. Fikrimcə, “Satti” artıq iyun ayı ərzində ölkəyə gətiriləcək”, - deyə mənbə bildirib.
Qeyd edək ki, qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.
Qazma qurğusunun təkmilləşdirilməsi 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabətqabiliyyətliliyini artıracaq. “Satti”nin təkmilləşdirilməsi qazma qurğularının modernizasiyası və tikintisi üzrə böyük təcrübəyə malik "Caspian Drilling Company LTD" şirkəti tərəfindən Bakıda aparılacaq. Təkmilləşdirilmə işləri yekunlaşdıqdan sonra CDC qurğu üzərində əməliyyat rəhbərliyini həyata keçirəcək.