Azərbaycana gətirilən Qazaxıstanın “Satti” qazma qurğusunun modifikasiya prosesi çox güman ki, bu il deyil, 2020-ci ildə bitəcək. Bu barədə "APA-Economics"ə neft-qaz sektorundakı etibarlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, hazırda qurğunun müəyyən şəraitə adaptasiya və təkmilləşdirilmə üzrə hazırlıq işləri aparılır.
“Qurğunun modifikasiyası çərçivəsində xeyli iş aparılacaq və bunu nəzərə alaraq, çox güman ki, bu proses 2020-ci ilin birinci yarısında bitəcək”, - deyə mənbə qeyd edib.
Qeyd edək ki, SOCAR və “KazMunayQaz” milli şirkəti arasında 26 yanvar 2019-cu il şəhərində imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, Azərbaycanın qazma operatoru "Caspian Drilling Company LTD" MMC (CDC) və Qazaxıstanın “KMG Drilling & Services” şirkəti arasında 16 fevral 2019-cu il tarixdə Astana şəhərində “Satti” özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb. Qurğu Bakıya bu ilin iyununda gətirilib.
Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consun sözlərinə görə, şirkət SWAP layihəsi çərçivəsində ilk kəşfiyyat quyusunun qazılmasına bu ilin sonunda start verməyə planlaşdırır. Quyunun qazılmasında Azərbaycana gətirilən qazma qurğusu istifadə olunacaq. Bu qurğunun istifadəsi onun üzərində bəzi modifikasiyaların aparılmasından sonra başlayacaq.
SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.