Bank Of Baku

S&P: Azərbaycan iyulda “OPEC+” kvotasından 184 min barel geri qalıb

S&P: Azərbaycan iyulda “OPEC+” kvotasından 184 min barel geri qalıb
# 09 avqust 2023 12:02 (UTC +04:00)

Bu ilin iyul ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 500 min barel səviyyəsində olub.

Bu barədə “APA-Economics” “Platts”ın məlumatları əsasında tərtib olunmuş “S&P Global Commodity Insights”ın icmalına istinadən xəbər verir.

Məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Beləliklə, “S&P Global Commodity Insights”ın icmalına əsasən, Azərbaycan iyul ayında "OPEC+" çərçivəsində kvotasından 184 min barel geridə qalıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin iyun ayında Azərbaycanda gündəlik xam neft hasilatı 500 min barel təşkil edib.

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq.İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.

Xatırladaq ki, aprel ayında “OPEC+”-ın bir neçə üzvü, o cümlədən Səudiyyə Ərəbistanı, iclasdan bir müddət əvvəl, könüllü olaraq, kvotaları aşaraq, may ayından ilin sonuna kimi gündəlik hasilatı 1,66 milyon barel azaltdıqlarını elan ediblər. Həmçinin Ər-Riyad iyul və avqust aylarında gündəlik hasilatı 1 milyon barel, Əlcəzair isə avqustda 20 min barel azaltmaq qərarına gəlib. Rusiya da öz növbəsində avqust ayında gündəlik neft ixracını 500 min barel azaldacağını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR