Bu il Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-nin neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında 3 500 sınaq həyata keçirilib.
"APA-Economics"in məlumatına görə, bu barədə laboratoriyanın müdiri Murad Hüseynov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, laboratoriyanın 20-dən çox müqaviləsi var və bu müqavilələr əsasında laboratoriya benzin, dizel, mühərrik yağları, antifrizlər, yuyucu və dezinfeksiya vasitələrinin sınağını həyata keçirir.
M. Hüseynov onu da əlavə edib ki, məxfilik prinsiplərinə əsaslanaraq həmin sınaqlar haqqında məlumatları ancaq laboratoriyanın müqaviləsi olduğu şirkətlərə təqdim olunur.
O qeyd edib ki, istənilən fiziki və ya hüquqi şəxs laboratoriyaya müraciət edib, müqavilə bağlayıb, öz məhsulunu analiz etdirə bilər.
Qeyd edək ki, laboratoriya 2012-ci ildən fəaliyyətə başlayıb.