BP şirkəti Abşeron Yarımadasının Dayazsulu Hissəsi (SWAP) layihəsi çərçivəsində ikinci kəşfiyyat quyusunun qazmasını yaxın günlərdə başa çatdıracaq.
Bu barədə "APA-Economics"ə açıqlamasında BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, ikinci quyunun qazılması bitdikdən sonra müəyyən mobilizasiya işləri aparılacaq və bir neçə həftədən sonra layihə sahəsində üçüncü kəşfiyyat quyunun qazmasına start veriləcək.
B. Aslanbəyli qeyd edib ki, qazma "Satti" qurğusu vasitəsi ilə aparılacaq.
Qeyd edək ki, ikinci kəşfiyyat quyusunun qazma işləri Abşeron Yarımadasının Dayazsulu Hissəsi üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində sahildən təqribən 1,5 km aralı suyun dərinliyi təqribən 7 metrə çatan ərazidə həyata keçirilir. Quyunun ümumi dərinliyinin 4 400 metrə çatacağı planlaşdırılır.
BP Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatorudur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR – 50% və "Lukoil" – 25%.