İstifadəyə verildikdən sonra Türkiyənin ilk nüvə stansiyası olacaq “Akkuyu” AES layihəsinin reallaşması ölkənin nüvə enerjisi sahəsindəki gücünü xeyli artıracaq.
Layihənin həyata keçirilməsi üçün ilk addımlar 2010-cu il mayın 12-də atılıb. Rusiya və Türkiyə hökumətləri arasında Türkiyənin Mersin vilayətinin Gülnar rayonunda “Akkuyu” AES-in tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
İkitərəfli dövlətlərarası razılaşmanın şərtlərinə əsasən, Akkuyu yatağı Rusiyanın ”Atomstroyexport” (ASE) Şirkətlər Qrupuna təhvil verilib. Müqavilədə qeyd olunduğu kimi, Rusiya şirkəti burada nüvə stansiyası tikəcək və əldə ediləcək elektrik enerjisini 15 illik alış zəmanəti ilə Türkiyə tərəfinə satacaq ki, 1200 meqavatlıq dörd moduldan ibarət ümumilikdə 4800 meqavat gücü olacaq AES Türkiyənin elektrik enerjisi istehsalının təxminən 10 faizini qarşılayacaq.
Rusiyaya məxsus olan “Atomstroyexport JSC” “Rosatom” dövlət korporasiyasının xarici ölkələrdə nüvə enerjisi obyektlərinin tikintisi, onların modernləşdirilməsi üzrə aparıcı mühəndislik şirkətidir. Şirkətin fəaliyyəti Rusiyanın nüvə enerjisi sahəsində çalışan mütəxəssislərinin yarım əsrlik təcrübəsinə əsaslanır, onların iştirakı ilə Şərqi Avropa və Finlandiyada 30-a yaxın atom enerji bloku tikilib.
Tarixə nəzər salsaq görərik ki, Türkiyənin öz ərazisində AES tikmək və istifadəyə vermək niyyəti 1960-cı illərə gedib çıxır.
Türkiyə 1995-ci ildə “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi haqqında saziş”i imzalayan ilk ölkələrdən biri olub. Bunun ardınca isə Türkiyə Atom Enerjisi İdarəsi yaradılıb ki, bu idarə ölkənin elmi-texniki inkişafında təşəbbüs göstərməyə və kadr hazırlığına başlayıb.
Türkiyə ərazisində AES tikilməsi ilə bağlı ilk tədqiqatlar 1965-ci ildə başlayıb və 1974-cü ildə qəbul olunan qərara əsasən, ölkənin Mersin vilayətinin Gülnar rayonundakı Akkuyu ərazisi ilk atom elektrik stansiyasının tikintisi üçün əlverişli hesab edilib.
AKP hökuməti Rusiyanın nüvə texnologiyaları sahəsində uzun illər ərzində əldə etdiyi təcrübəyə müraciət etmək qərarına gəlib.
“Akkuyu” AES layihəsinin həyata keçirilməsinin keçdiyi inkişaf yolu da olduqca zəngindir. Layihənin ilk addımı kimi 2010-cu ildə Rusiya və Türkiyə Mersin vilayətinin Gülnar rayonunda, Aralıq dənizi sahilində “Akkuyu” AES-in tikilməsinə dair birgə qərar qəbul ediblər. Bu barədə saziş Rusiya və Türkiyə arasında 12 may tarixində imzalanıb.

2017-ci ildə Türkiyənin Atom Enerjisi İdarəsi “Akkuyu” AES-in layihə parametrlərini təsdiqləyib. Eyni ildə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) tərəfindən “Akkuyu Nuclear” şirkətinə elektrik enerjisi istehsalı üçün 49 illik (15.06.2066-cı il tarixinədək) lisenziya verilib. Bunun davamı olaraq, “Akkuyu Nuclear” şirkəti məhdud tikinti icazəsi alıb və bu da öz növbəsində AES tikintisi üçün lisenziyanın alınmasında mühüm hadisədir.
Türkiyənin Atom Enerjisi İdarəsi “Akkuyu”da 1, 2, 3 və 4 saylı enerji blokunun tikintisi üçün lisenziya verib.
2019-cu ilin sonunda isə “Akkuyu” AES-in Türkiyənin enerji sisteminə qoşulması haqqında saziş imzalanıb.
“Akkuyu” layihəsinin icrası 2020-ci ildə də sürətlə davam edib və 8 apreldə stansiyanın 2-ci blokunun tikintisinə rəsmən start verilib, həmçinin 3 saylı enerji blokunun tikinti meydançasında ilkin qazma işlərinə başlanılıb.
“Akkuyu” AES-in 1-ci enerji blokunda reaktorun mühafizəsi quraşdırılıb və bu da fövqəladə hallarda, o cümlədən 9 bala qədər zəlzələlər zamanı stansiyanın təhlükəsiz istismarını təmin edən vacib elementdir.
AES-in istismarı zamanı nüvə yanacağının yerləşdirildiyi və nüvə reaksiyasının baş verdiyi, 1 saylı enerji blokunun ən vacib avadanlığı olan nüvə reaktoru 3000 kilometr məsafə qət edərək gəmi ilə Türkiyəyə gətirilib.
Stansiyanın inşasında həmin ilin vacib hadisələrindən biri də AES-in 3-cü blokunun tikintisi üçün lisenziya verilməsi barədə qərarın qəbul edilməsi olub.
AES-in tikintisində 2021-ci il də yaddaqalan olub – 10 martda “Akkuyu” AES-in üçüncü blokunun tikintisinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə iştirak ediblər.

Qeyd edək ki, AES-in tikinti sahəsində görülən işlər Türkiyə, Rusiya, beynəlxalq keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olaraq, bu sahədə dünyanın nüfuzlu audit şirkətlərinin daimi nəzarəti altında həyata keçirilir.
Layihəyə əsasən, “Akkuyu” AES istifadəyə verildikdən sonra ildə təxminən 35 milyard kVt/saat elektrik enerjisi istehsal edəcəyi planlaşdırılır.
“Akkuyu” AES-in layihə müddəti 60 ildir və əlavə 20 il uzadılma ehtimalı var ki, bu da uzunmüddətli perspektivdə bölgənin inkişafı, iş yerlərinin təmin edilməsi, Türkiyə iqtisadiyyatının inkişafına töhfə və Türkiyə xalqının sabit təmiz elektrik enerjisi mənbəyinə çıxışı deməkdir.
Bu layihə dünyada ilk dəfədir ki, BOO (Build – Own – Operate) modelinə uyğun olaraq həyata keçirilir. Bu o deməkdir ki, yerli şirkət olan “Akkuyu Nuclear” təkcə AES-in layihələndirmə və tikinti işlərinə deyil, həm də stansiyanın saxlanması, istismarı və istismardan çıxarılmasına cavabdehdir. Bu modelin üstünlüklərindən biri də odur ki, tikinti keyfiyyətinin yüksək səviyyədə təmin olunması ilə yanaşı, sonrakı əməliyyatlar da bir şirkət tərəfindən həyata keçiriləcək.
“Akkuyu” AES-in tikintisi indiyə qədər Rusiya və Türkiyə arasında ən böyük ortaq layihədir.
Stansiyanın tikintisində istifadə olunan VVER-1200 texnologiyasının üstünlükləri həm təhlükəsizlik, həm də səmərəlilik baxımından diqqət cəlb edir.
“Rosatom” dövlət korporasiyası beynəlxalq enerji bazarında 70 ildən çox təcrübəyə malikdir və xarici layihələr portfeli baxımından dünyada birinci yerdədir və 12 ölkədə həyata keçirilmiş müxtəlif layihələrdə 36 enerji blokunu istifadəyə verərək dünya nüvə yanacağı bazarının 17 faizini təmin edir.
Korporasiyanın indiyə qədər təmiz enerji əldə etmək üçün təqdim etdiyi həllərdən ən mükəmməli və flaqman məhsulu VVER-1200 reaktorunun təkamül etdirilmiş dizaynıdır.
Bu reaktorlar 1990-2000-ci illərdə xarici müştərilər üçün tikilmiş VVER-1000 reaktorlarının daha da təkmilləşdirilməsi əsasında hazırlanıb. VVER-1000 reaktorunun hər bir parametrinin təkmilləşdirilməsi nəticəsində, möhürlənmiş reaktor bölməsindən kənarda hər hansı qəza baş verdikdə radiasiyanın kənara çıxma ehtimalını azaltmağa imkan verən bir sıra əlavə təhlükəsizlik sistemlərini tətbiq edilib.

Görülən işlər nəticəsində VVER-1200-ün enerji istehsalı gücü daha da artırılıb, reaktorun istifadə müddəti 60 ilə qədər uzadılıb, quraşdırılmış gücdən istifadə əmsalı 90 faizə çatdırılıb, reaktora yenidən yanacaq doldurmadan 18 ay işləmək imkanı əldə edib və sıra digər spesifik göstəriciləri təkmilləşdirilib.
“Akkuyu” AES-in istismarı zamanı təhlükəsizliyin təmin edilməsi məsələsinə də xüsusi diqqət ayrılıb. Müasir tələblərə cavab verəcək stansiyanın təhlükəsizlik sistemi ionlaşdırıcı şüalanmanın və radioaktiv maddələrin ətraf mühitə yayılmasına qarşı dörd qatdan ibarət müdafiədən ibarətdir. Bu müdafiə qatları enerji istehsalı prosesində parçalanmış yanacaq məhsullarının ətrafa yayılmasının qarşısını alır, onların qoruyucu hermetik qatın arxasında qalmasını təmin edir.
Reaktor zalında hər hansı bir qəza baş verərsə, bütün radioaktivlik bu müdafiə qatlarının arxasında qalacaq. Bu müdafiə qatları həmçinin stansiyanın xarici təsirlərdən (məsələn, təyyarə qəzası, tornado, qasırğa və ya partlayış) qorunması üçün nəzərdə tutulub.
Müqayisə üçün deyək ki, bu stansiyanın müdafiə qatlarının radiasiyanı içəridə saxlama gücü “Fukusima-1” AES-dən qat-qat çoxdur.
Layihənin enerji istehsalı prinsipinə gəlincə isə, adi istilik elektrik stansiyasına bənzəyir, uranın parçalanmasından əldə edilən enerjidən istifadə edən nüvə reaktoru dövrədəki suyu qızdırır, nəticədə əldə edilən buxar generatordan turbinə daxil olur və elektrik enerjisi istehsal edilir, elektrik xətləri vasitəsilə istehlakçılara çatdırılır.
Bu tip elektrik enerjisinin istehsalı həmçinin ekoloji təhlükəsizliyi ilə seçilir. Müasir texnologiyalar ətraf mühit və atom elektrik stansiyalarının bilavasitə yaxınlığında yaşayan insanlar üçün nüvə enerjisinin təhlükəsizliyini təmin etməyə imkan verir.
“Akkuyu” AES ətraf ərazilərin su mühitinə, flora və faunasının təhlükəsizliyinə təhlükə yaratmayacaq. Bu səbəbdən də stansiya yaxınlığında turistik istirahət zonaları və çimərliklər yerləşdirmək mümkündür, çünki insan sağlamlığı üçün heç bir risk yoxdur.
Bu tip stansiyaya nümunə olaraq İspaniyadakı “Vandelos 2” AES göstərmək olar ki, onun ətrafında müxtəlif turistik məkanlar fəaliyyət göstərir.
Layihənin həm də iqtisadi səmərəliliyi onun üstünlüklərini artırır. İstilik elektrik stansiyalarından fərqli olaraq, nüvə texnologiyaları oksigen istehlak etmir, atmosferə və su hövzələrinə zərərli kimyəvi maddələr tullamır, ehtiyatları tükənməkdə olan üzvi yanacağın istehlakına əhəmiyyətli dərəcədə qənaət edir. Müqayisə üçün deyək ki, kömürlə işləyən istilik elektrik stansiyası fəaliyyət göstərməsi üçün ildə 1 milyon ton kömür, 150 milyon kubmetr su və 30 milyard kubmetr hava tələb olunur.
Nüvə reaktorlarında istifadə olunan 4 faizə qədər zənginləşdirilmiş 1 kiloqram uranın tam yanması zamanı isə 100 ton yüksək keyfiyyətli kömür və ya 60 ton neftin yanmasına bərabər enerji ayrılır.
Türkiyənin iqtisadi inkişafında da bu layihənin özünəməxsus rolu olacaq. Stansiyanın istifadəyə verilməsindən sonra həm AES-də, həmçinin onun əlaqədar digər müəssisələrində xeyli sayda iş yerləri açılacaq. Nüvə texnologiyasının inkişafı elmi tədqiqatların, istehsal həcminin və yüksək texnologiyalı məhsulların ixracının artmasına kömək edir.
“Akkuyu” AES Türkiyə üçün əlamətdar layihədir. Türkiyə bu layihə ilə nüvə enerjisi sahəsində illərlə toplanmış təcrübə və ən yaxşı texnologiyaları əldə etmək imkanına malik olacaq. Layihənin tikinti prosesində türk mütəxəssislərinin maksimum iştirakı nəzərdə tutulur. Belə ki, ilkin hesablamalara görə, Türkiyə tərəfi stansiyanın tikintisi üzrə bütün işlərin 40 faizini yerinə yetirəcək.
![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da layihənin əhəmiyyətinə toxunub, AES-in ölkə iqtisadiyyatında və enerji təhlükəsizliyi sahəsində verəcəyi töhfəni yüksək qiymətləndirib: “AES-in istifadəyə verilməsindən sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizə qədəri ödənəcək. Qeyd etmək lazımdır ki, bu ilin aprel ayında “Akkuyu” stansiyasının ilk reaktorunun işə düşməsi bütün dünyaya səs salacaq. Bu layihə həmçinin Rusiya ilə aramızdakı münasibətlər kontekstində çox əhəmiyyətli bir addımdır”.
Stansiyanın istismara verilməsindən sonra Mersin vilayətində uzunmüddətli minlərlə əlavə iş yeri açılacaq, bölgənin infrastrukturu, ticarət və otelçilik, elmi fəaliyyət, tibb, mühəndislik, kənd təsərrüfatı kimi sahələri inkişaf etdiriləcək.
Stansiya ətrafında salınacaq yaşayış şəhərciyinin tikintisi təxminən 70 hektar ərazini əhatə edəcək ki, bunun 40 hektarı yaşayış sahəsi, 30 hektar isə infrastruktur obyektləri olacaq. Bu ərazidə müasir tipli yaşayış, habelə yol, inzibati, mədəni və sosial infrastruktur obyektlərinin, o cümlədən müxtəlif tipli təhsil müəssisələrinin, qida və istirahət obyektlərinin qurulması və tikintisi həyata keçiriləcək. Buraya stansiyada çalışacaq işçilər üçün yaşayış binaları (təxminən 6000 nəfər üçün nəzərdə tutulan 3000 mənzil), “Akkuyu” AES layihəsinin həyata keçirilməsində iştirak edən şirkətlər üçün ofis binaları, təhsil və təlim mərkəzləri, mağazalar, market kompleksi, pərakəndə satış məntəqələri, iaşə müəssisələri, istirahət zonaları, məktəblər və uşaq bağçaları, idman və sağlamlıq mərkəzləri, tibb mərkəzi, mədəniyyət mərkəzləri və s. daxildir.
İqtisadiyyatın müxtəlif sektorlarına aid olan şirkətlərin buradakı fəaliyyətindən ölkənin ticarət dövriyyəsi artacaq və bu artımla Türkiyənin ümumi daxili məhsuluna (ÜDM) veriləcək töhfə təxminən 400 milyon ABŞ dollarına çatacaq. Vergi ödənişlərində gözlənilən artım 100 milyon ABŞ dollarını keçəcək.
Bütün bu və digər amilləri nəzərə alsaq, regionun hazırkı inkişafı şəraitində ilkin hesablamalara görə, təqribən 630 milyon ABŞ dolları səviyyəsində sosial-iqtisadi effektdən danışmaq olar.
“Akkuyu” AES-in istismara verilməsi yeni vakansiyaların yaranmasına səbəb olacaq və bu da şübhəsiz ki, ixtisaslı kadrların hazırlanması zərurətini ortaya çıxarır. “Akkuyu Nuclear” nüvə təhlükəsizliyi şöbəsində, turbin və reaktor sexlərində mütəxəssislərin fəaliyyət göstərməsi üçün müxtəlif təhsil layihələri həyata keçirir və bu layihələrdə uğurla iştirak edənlər AES-də işlə təmin olunacaqlar.
Rusiya Prezidenti Vladimir Putin “Akkuyu” AES-i möhtəşəm layihə kimi dəyərləndirib: “Türkiyə Prezidenti ilə görüşlərimiz və dialoqlarımızın nəticəsi olaraq “Akkuyu” layihəsi qrafikə uyğun olaraq həyata keçirilir və yaxın zamanda istifadəyə veriləcək. Şübhəsiz ki, bu möhtəşəm tikinti layihəsi Rusiya ilə Türkiyə arasında qarşılıqlı münasibətlərin, siyasi və iqtisadi əlaqələrin daha da yüksək səviyyəyə çatdırılmasına xidmət edəcək”.
Eyni zamanda, Rusiya ilə Türkiyə arasında təhsil və nüvə sektorunda təcrübələrin mübadiləsi sahəsində əməkdaşlıq proqramının həyata keçirilməsi çərçivəsində, ən azı bakalavr səviyyəsində əsas texniki təhsili olan gənc mütəxəssislərə təhsillərini nüvə texnologiyası sahəsində magistratura proqramları üzrə davam etdirmək imkanı təklif olunur.
Müasir tələblərə cavab verən AES-də işləmək Türkiyə mütəxəssisləri üçün təkcə gələcəyə inam deyil, həm də qürur mənbəyidir.
Nüvə enerjisi sabit elektrik enerjisi əldə etmək üçün ekoloji cəhətdən ən təmiz istehsal növüdür.
Elektrik enerjisinə artan tələbat və eyni zamanda, ətraf mühitə təsirin azaldılması ehtiyacı səbəbindən müasir dünyada nüvə enerjisi olduqca zəruridir.
İqtisadiyyatının sürətlə inkişaf etdiyi, əhalisinin sayının artıq 80 milyonu keçdiyi və artmaqda davam etdiyi Türkiyədə yaxın onilliklərdə elektrik enerjisinə ehtiyac daha da artacaq.