Türkiyənin mərhələli şəkildə 2032-ci ildən istismara verilməsi nəzərdə tutulan “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsində iştirakı enerji əməkdaşlığının mühüm istiqamətlərindən biridir.
“APA-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, elektrik enerjisi sahəsində regional əməkdaşlığın inkişafı Şuşa Bəyannaməsinin müddəalarına uyğundur və yaradılan enerji dəhlizləri regional enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Pərviz Şahbazov Türkiyə şirkətlərinin Azərbaycanın yaşıl enerji layihələrində iştirakının genişləndiyini bildirib. O vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa olunan 42 elektrik stansiyasının ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Nazir, həmçinin, Kəlbəcərdə 204 MVt gücündə külək elektrik stansiyasının yaradılması istiqamətində Türkiyə şirkəti ilə ölçmə və qiymətləndirmə işlərinin aparıldığını bildirib.
Pərviz Şahbazov onu da vurğulayıb ki, Azərbaycan təmiz enerji gələcəyinə gedən yolda Türkiyə ilə əməkdaşlığı strateji prioritet hesab edir.