Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “SOCAR-Polymer” şirkəti 2018-ci ildə polipropilen və polietilen istehsalı üzrə zavodlarını istifadəyə verəcək.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən MDB ölkələrinin Neft emalı və neft kimya həftəsi çərçivəsində keçirilən konfransda “SOCAR Polymer” şirkətinin baş meneceri Fərid Cəfərli bildirib.
Onun sözlərinə görə, bu layihənin ümumi dəyəri 750 mln. dollar təşkil edir: “Bu vəsaitin 40 faizi səhmdarların kapitalıdır, qalan 60 faizi isə kreditlə cəlb olunacaq vəsaitlərdir”.
O bildirib ki, zavodlarda istehsal olunacaq məhsulların böyük hissəsi daxili bazarın tələbatını ödəyəcək: “Zavodda istehsal olunacaq məhsulun qalan hissəsi isə Türkiyəyə, Avropaya və MDB ölkələrinə ixrac olunacaq. Bizim üçün əsas olan Türkiyə bazarıdır. Çünki, SOCAR Türkiyədə plastik bazarının 30%-nə nəzarət edir”
F. Cəfərli deyib ki, “SOCAR Polymer” layihəsinin reallaşdırılmasına SOCAR Rusiyanın “Qazprombank” bankından kredit cəlb edib: “Artıq bu kreditin ilk tranşı alınıb”.