Bakı – APA-Economics. Aprelin 27-29-da Rusiyanın Sankt-Peterburq şəhərində “PetroCem-2014” - VIII Beynəlxalq Sement Konfransı keçirilib. 34 ölkədən 335 şirkətin qatıldığı (90-dan artıq sement istehsalçısı) konfransda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri Suat Çalbıyık, baş direktoru Göksel Aybek, Qazax Sement Zavodunun direktoru Hikmət Qəribovdan ibarət nümayəndə heyəti iştirak edib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, konfransda, həmçinin sement istehlakçısı və sement sənayesi üçün avadanlıq təchizatçısı olan yerli və xarici şirkətlər iştirak edib.
Konfransda “Akkord” nümayəndə heyətinin keçirdiyi digər görüşlər zamanı Qazax Sement Zavodunun təqdimatı həyata keçirilib, zavodda nəqliyyat və logistika sistemlərinin təkmilləşdirilməsi, istehsal sahəsində istifadə olunan texniki yağlar və yağ sistemlərinin satın alınması, həmçinin Avropanın tanınmış istehsalçı şirkətləri ilə əməkdaşlıq, təcrübə mübadiləsi məsələləri ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, “PetroCem” – Rusiyada sement istehsalı sahəsi üzrə keçirilən ən böyük beynəlxalq elmi-praktik konfransdır. Konfransın təşkilatçısı olan “Sement və onun tətbiqi” jurnalında Qazax Sement Zavodu haqqında geniş məqalə də dərc olunub.