Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün “Azərbaycanda alternativ enerjinin inkişafına dəstək” layihəsinin yekunu ilə əlaqədar seminar keçirilib.
Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, layihənin direktoru, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) aparat rəhbərinin müavini Cəmil Məlikov layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb və bu layihənin əhəmiyyətini vurğulayıb. Tədbirdə, həmçinin, beynəlxalq təşkilatların nümayəndələri və layihənin icrasında bilavasitə əməyi olan mütəxəssislər onun komponentləri üzrə hesabatlarla çıxış edib.
Qeyd edək ki, sözügedən layihənin həyata keçirilməsinə 2011-ci ildən başlanılıb və bir neçə komponent üzrə icra olunub. Bu komponentlərə pilot kiçik su elektrik stansiyasının tikintisi, alternativ enerji sahəsi üzrə ictimaiyyətin və hədəf qruplarının maarifləndirilməsi, bərpa olunan enerji mənbələri üzrə ölkə qanunvericiliyinin və institusional bazanın təkmilləşdirilməsi, külək, günəş və bioenerji layihələri üzrə pilot layihələrin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması daxildir.
Layihənin əsas nəticəsi kimi gücü 580 Kvt olan Şəki SES-nin tikilib işə salınmasını, ABOEM sahəsində 9-10-cu sinif şagirdlərinin tədrisinə yönəlmiş müəllimlər üçün metodik vəsaitinin hazırlanaraq Təhsil Nazirliyinin reyestrinə salınmasını, müvafiq sahə üzrə kitabların çapı və paylanmasını, ABOEM haqqında qanun layihəsinin hazırlanmasını, ABOEM-nin inkişafını əks etdirən sənədli filmin nümayişini göstərmək olar.
Qeyd edək ki, layihə Avropa Birliyi və Norveç Hökuməti tərəfindən maliyyələşdirilib, BMT İnkişaf Proqramı və Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən icra olunub.