Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci rüb ərzində “BP-Azerbaycan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından Azərbaycan Dövlət Neft Şirkətinə gündə təxminən 6,2 mln. kubmetr, ümumilkdə isə 0,6 mlrd. kubmetr səmt qazı verib.
“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, AÇG yatağının operatoru olaraq BP birinci rüb ərzində “Dərinsulu Günəşli” platformasından hasil edilən səmt qazını 28 düym ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa “Səngəçal” terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün “Azəriqaz” şəbəkəsinə göndərməkdə davam edib.
“Azəri”dəki üç platformadan – “Mərkəzi”, “Qərbi” və “Şərqi Azəri” – səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri”dəki kompressor və suvurma platformasına (KSVP) göndərilib və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub, qalan hissəsi isə elə həmin 28 düym ölçülü sualtı qaz kəməri vasitəsilə “Səngəçal” terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün “Azəriqaz” şəbəkəsinə təhvil verilib. Hazırda “Mərkəzi Azəri”də altı quyudan laya qaz vurma əməliyyatları davam edir.
“Qərbi Çıraq”dan hasil edilən səmt qazının bir qismi “Səngəçal” terminalına göndərilib. “Qərbi Çıraq” qazının tam həcmdə terminala göndərilməsini təmin etmək üçün qaz kondensasiya və kompressiya sistemlərinin sınaqdan keçirilərək istismara təhvili istiqamətində işlər davam edir.
“Çıraq” platformasında hasil edilmiş səmt qazının müəyyən hissəsi isə mövcud 16 düym ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilib. Qazın məşəldə yandırılmasını azaltmaq məqsədilə BP rüb ərzində buxarlanan qazlar kompressoru və boru kəməri üçün nəzərdə tutduğu təkmilləşdirmə işlərinin əksər hissəsini başa çatdırıb. Bu iş ikinci rüb ərzində də davam etdiriləcək.
Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), ARDNŞ (11,6%), “Chevron” (11,3%), “İnpeks” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), ONGC “Videsh Limited” (OVL) (2,7%) təşkil edir.