Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokunda stabil hasilat davam edib.
AÇG-nin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində AÇG-dən ümumi hasilat “Çıraq” (61 900), “Mərkəzi Azəri” (156 500), “Qərbi Azəri” (149 300), “Şərqi Azəri” (74 200), “Dərinsulu Günəşli” (145 900) və “Qərbi Çıraq” (50 200) platformalarından birlikdə gündə orta hesabla 638 000 barel və ya ümumilikdə 233 mln. barel, yəni təqribən 31,5 mln. ton neft təşkil edib.
Məlumata görə, ilin sonunda ümumilikdə AÇG-də 84 neft hasilat quyusu və 39 qaz və su injektor quyumuz istismarda idi. 2014-cü ildə AÇG-də 14 neft hasilat quyusu, 4 suvurma və 1 şlamların yenidən laylara vurulması quyusu qazılıb.
Ötən il ərzində AÇG layihəsinə təqribən 1 mlrd. dollar əməliyyat məsrəfləri və 2,3 mlrd. dollar əsaslı məsrəflər xərclənib.
Qeyd edək ki, AÇG-də iştirak payları BP (operator - 35,8%), ARDNŞ (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited (OVL)” (2,7%) təşkil edir.