Bank Of Baku

“Azəriqaz”: Vakant iş yerləri üçün elan edilmiş müsabiqə iştirakçılarına təlimlər keçirilir

“Azəriqaz”: Vakant iş yerləri üçün elan edilmiş müsabiqə iştirakçılarına təlimlər keçirilir
# 22 oktyabr 2015 09:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ölkədə qazlaşdırma proseslərinin sürətləndirilməsi nəticəsində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdəki strukturlarında əlavə işçi qüvvəsinə tələbat yaranması ilə əlaqədar olaraq SOCAR və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində birliyin 8 region üzrə 46 rayonu əhatə edən qaz istismar idarələri üçün “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsinin iştirakçıları üçün nəzəri-praktiki təlimlər davam edir.

 

“Azəriqaz” İB İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, SOCAR tərəfindən hazırlanmış proqrama əsasən Təlim Tədris və Sertifikatlaşdırma İdarəsində xüsusi kurs keçmiş mütəxəssislərin rəhbərliyi ilə ilkin test mərhələsində uğur qazanmış 1111 nəfər 7 regionda “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər”lərin hazırlanma kurslarına cəlb olunub. 2 mərhələdə aparılması nəzərdə tutulan kursların ilk mərhələsi artıq başa çatıb, növbəti ikinci mərhələdə isə təlimlər davam etdirilir. 

 

Kurs müddətində müdavimlərə qaz təsərrüfatı haqqında ümumi məlumat, qazların xüsusiyyəti, növləri və təbii qazın fiziki-kimyəvi xassələri, yeraltı, yerüstü qaz kəmərləri və onların istismarı, bina daxili qaz kəmərləri və qaz avadanlıqlarının istismarı, qaz tənzimləyici məntəqələr, qaz tənzimləyici qurğular və onların istismarı, nəzarət-ölçü cihazları və onların istismarı, qaz təchizatı sisteminin dispetçer xidmətləri, peşə etikası, qaz təsərrüfatında istifadə olunan əl terminalları, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları və digər mövzular tədris olunur.

 

Təlimin sonunda iştirakçılara müvafiq sənəd təqdim olunacaq. Bundan sonra iştirakçılar təlimlərdə əldə olunan biliklərin və SOCAR-ın korporativ iş mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədi ilə müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı bilik və davranış keyfiyyətləri qənaətbəxş hesab ediləcək namizədlərin bir hissəsi dərhal, hazırda vakant olan 403 yerə işə qəbul olunacaq. Digərlərinin isə Kadr Ehtiyatı Bazasına daxil edilərək “Azəriqaz” İB-nin növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR