Bakı - APA-Economics. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, İstehsalat Birliyi 2016-cı ilin yanvar-fevral aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 88 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 2 957 ailə yaşayır.
“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.