Ölkənin quru və dəniz yataqlarında neft-qaz hasilatını həyata keçirən SOCAR-ın “Azneft” İstehsalat Birliyi 2017-ci ilin ilk ayında əldə etdiyi hasilat göstəricilərini açıqlayıb.
“Azneft” İB-dan “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə birlik, bu ilin yanvar ayında neft və qaz hasilatının düşmə tempinin qarşısını alıb və uğurlu qazma əməliyyatları aparılmaqla artıma nail olub. Bununla yanaşı, “Azneft” həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan plandan əlavə neft-qaz çıxarılıb.
2017-ci ilin yanvar ayı ərzində “Azneft” üzrə 535 min 40 ton plana qarşı, 537 min 406 ton neft hasil edilərək plana 100,4% əməl olunub. Bu ilin ilk bir ayı ərzində qaz hasilatı planı da yerinə yetirilib. 2017-ci ilin müvafiq dövrü ərzində 438,3 mln. kubmetr qaz hasil olunub.
Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla start götürüb. Yanvar ayı ərzində uğurlu qazma işləri həyata keçirilib, “Azneft”in sifarişi əsasında planlaşdırıldığı kimi 4 yeni quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 343 ton neft hasil edilib.
Ötən ayda fəaliyyətsiz quyu fondundan 2 quyu planlaşdırıldığı halda, 11 quyu istismara qaytarılıb. Bu quyulardan 663 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 1236 ton neft alınıb.
Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün səmərəli geoloji-texniki tədbirlər aparılmaqla yanvar ayında 55 geoloji tədbir keçirilib, nəticədə 4401 ton neft hasil edilib ki, bu da plana qarşı 15 tədbir çox və 2871 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 3047 ton plana qarşı 3568 ton neft hasil edilib.