2016-cı ilin üçüncü rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.
“BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir”, - deyə məlumatda vurğulanıb.
Şirkətdən bildirilib ki, kadrların milliləşdirilməsi planına uyğun olaraq, 1 yanvar 2016-cı il tarixindən Elxan Məmmədov BP-nin hasilat üzrə vitse-prezidenti təyin olunub. Bu yeni vəzifədə Elxan BP-nin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse-prezidentidir. Bundan əlavə, daha iki Azərbaycan vətəndaşı bu il şirkətdə vitse-prezident vəzifəsinə yüksəlib - Orxan Quliyev, 2016-cı ilin iyun ayından başlayaraq BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezidenti, Zaur Paşayev isə sentyabr ayından başlayaraq BP-nin qurudakı (midstrim) əməliyyatları üzrə vitse-prezidenti təyin olunublar.